Həsənrizdə daha 40 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOLAR
İyunun 24-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. SİA xəbər verir ki, bu mərhələdə köçürülən 146 nəfərdən ibarət 40 ailəyə bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kəndə köç edən sakinləri təbrik edib, onlara doğma yurdlarında xoşbəxt həyat arzulayıb. Bildirib ki, Həsənriz kəndinə bu gün həyata keçiriliən köç də nəzərə alınmaqla 130 ailə, yəni 452 nəfər köçürülüb.
S.Qəhrəmanov onu da qeyd edib ki, hazırda Ağdərə və Xocalı rayonlarının bir neçə yaşayış məntəqəsində yenidənqurma və bərpa işləri həyata keçirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinə də köç olacaq.
Ağdərənin Həsənriz kəndi 24 saat fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Kənddə 246 şagirdlik tam orta məktəb, tibb məntəqəsi, körpələr evi,uşaq bağçası var. Həsənriz kəndində əhali əsasən arıçılıq və heyvandarlıqla məşğul olur. Kəndə ilk köç bu il martın 3-də olub.
Bütün xəbərlər Facebook səhifəmizdə