Azərbaycan nümayəndə heyəti 30-cu Şanxay Televiziya Festivalında iştirak edib - FOTOLAR

Azərbaycan nümayəndə heyəti Çinin Şanxay 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində iştirak edib. SİA xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.

Qeyd edilib ki,festivalın əsas məqsədi televiziya sənayesində yüksək keyfiyyətli məhsulların tanıdılması və qlobal media gündəmini formalaşdıran məsələlərin müzakirəsidir.

Tədbir çərçivəsində MEDİA İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyətinin Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon ilə görüşü baş tutub. Görüş zamanı Əhməd İsmayılov qeyd edib ki, media sahəsində tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlığın təşviqi sürətlə dəyişən qlobal informasiya mühitində hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır.

O, eyni zamanda media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə media layihələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Şanxay Media Qrupunun baş direktoru və baş redaktoru Fan Şicon isə çıxışında qurumun müasir texnoloji infrastrukturu, televiziya kontentinin planlaşdırılması, istehsalı və yayımı sahəsində tətbiq olunan metodlar, habelə rəqəmsal media mühitində formalaşdırılan innovativ yanaşmalar haqqında ətraflı məlumat verib.

O, həmçinin Şanxay Media Qrupunun gələcək hədəflərindən və qlobal informasiya mühitində rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlardan bəhs edib.

Qeyd edək ki, Çinə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə Audiovizual Şuranın sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə