Dövlət Komitəsi “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib. Dövlət Komitəsindən SİA-ya bildirilib ki, qurumun sədr müavini Fuad Hüseynov tədbirdə çıxış edərək qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

F.Hüseynov həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir və bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib, məsul vəzifələr düşür.

Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılan sosioloji sorğu əsasında əhalinin qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.

ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov işğaldan azad edilmiş ərazilərdə icra olunan genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə komitənin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, Sosial təminat və kommunal xidmətlər şöbəsinin müdiri Rövşən Məmmədov, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev, Hüquq və kadrlar şöbəsinin müdiri Vüsal Xəlilov, Monitorinq şöbəsinin müdir müavini Babək Bayramov, Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdir müavini Tural Qasımlı və digər nümayəndələr iştirak ediblər, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə