HDİM Şirvanda “Qloballaşma dövründə milli dəyərlər” mövzusunda dəyirmi masa təşkil edib

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ənənəvi yüksək dəyərlərin təbliği" layihəsi çərçivəsində dəyirmi masa təşkil edib.

Şirvan şəhərində keçirilən dəyirmi masanın mövzusu belə idi: "Qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi necə qorumalı?". Tədbirin məqsədi milli mənəvi dəyərlərimizin qorunmasında və gənc nəslə ötürülməsi üçün maarifləndirmə işlərinin aparılması idi. Dəyirmi masada layihənin rəhbəri İlham Əliyev, sosioloq Elçin Bayramlı, Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Nəsirov, Peşə Litseyinin müəllimləri və hüquqşünası Mətanət Rəhimova və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə HDİM-in sədri İlham Əliyev çıxış edərək layihə ilə bağlı ətraflı məlumat verib. O çıxışında ənənəvi yüksək dəyərlərin qorunmasnın vacibliyindən, dövlətimizin bu sahədə həyata keçirdiyi işlərdən və rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətindən danışıb.

Layihənin eksperti, sosioloq Elçin Bayramlı da bəşəri və milli dəyərlər haqqında danışıb və müasir dövrdə inteqrasiya prosesləri fonunda milli-mənəvi dəyərlərimizin təzyiqə məruz qaldığını bildirib. Ekspert qeyd edib ki, qlobal təbliğatlar milli mədəniyyətlərə və milli mənəvə dəyərlərə zərər vurur, bunun qarşısını almaq üçün biz öz dəyərlərimizi daha çox qorumalı və yaşatmalıyıq.

Peşə Litseyinin hüquqşünası Mətanət Rəhimova bildirib ki, fəaliyyəti boyunca milli dəyərləri rəhbər tutub, cəmiyyətə mənəvi və əxlaqi özünüdərkin dəyərini, milli ənənələrin vacibliyini aşılayıb. Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Nəsirov öz çıxışında təmsil etdiyi orqanın milli-mənəvi dəyərlərə verdiyi önəmdən, bu istiqamətdə aparılan işlərdən, həyata keçirilən layihələrdən danışıb.

Digər çıxış edənlər də uşaq, yeniyetmə və gənclərin təhsillə yanaşı tərbiyəsinin də vacib olduğunu deyiblər və qeyd ediblər ki, müasir dövrdə biz gənc nəsillərə öz milli-mənəvi dəyərlərimizi ötürməli və onları bu ruhda tərbiyə etməliyik. Sonda xatirə fotoları şəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə