Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Minsk şəhərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Azərbaycan-Belarus Gənclər Forumu" layihəsi çərçivəsində ilk tədbirini reallaşdırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Forumdan öncə “BRSM” İctimai Təşkilatının çoxsahəli fəaliyyəti ilə bağlı ekskursiya təşkil edilib.
Forumu giriş sözü ilə BRSM rəhbəri, Belarus Parlamentinin deputatı Aleksandr Lukyanov açaraq Belarus-Azərbaycan əlaqələrindən, gənclərlə bağlı həyata keçirilən layihələrdən danışıb.
Daha sonra ASGA sədri Səbuhi Abbasov çıxış edərək Forumun hər iki ölkə gəncləri üçün faydalı olacağını deyib: "Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi gənclərin beynəlxalq əməkdaşlığı istiqamətinə hər zaman xüsusi diqqət ayırıb. Bu mənada bu gün reallaşan Forumun Bakıda davam etməsini vacib hesab edirik. Forum hər iki ölkə gəncləri üçün yeni bir platforma rolunu oynayacaqdır".
Forumda məruzə ilə çıxış edən "İslahatçı Gənclər" İB-nin sədri Fərid Şahbazlı hər iki ölkə liderinin sıx, səmimi dostluq əlaqələrinin ölkələrimiz arasında münasibətlərə ciddi töhfə verdiyini bildirdi. F.Şahbazlı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə Belarusun Azərbaycana verdiyi dəstəyi xalqımız hər zaman hörmətlə xatırlayır.
Daha sonra Azərbaycan Mətbuat Şurasının İH-nin üzvü, "Azxeber.com" saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edərək hər iki ölkə gənclərinin media sahəsində əməkdaşlığının vacib olduğunu deyib.
MDU-nun müəllimi, fəlsəfə doktoru, gənc alim Müşfiq Hüseynov çıxış edərək Belarus və Azərbaycan gənclərinin elm sahəsində əməkdaşlığının perspektivlərindən danışıb.
Daha sonra digər çıxış edənlər Azərbaycan-Belarus əlaqələrindən, Forumun əhəmiyyətindən danışdılar.
Sonra Forum iştirakçılarına sertifikatlar, suvenirlər və geyim hədiyyələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə