Nəsimi rayonunda narkotiklərlə mübarizəyə həsr edilən maarifləndirici tədbir keçirilib - FOTOLAR

İyunun 18-də 26 İyun – Birləşmiş Millətlər Təşkilatının Narkotiklərlə Mübarizə Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) maarifləndirici tədbir təşkil olunub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nəsimi RİH-in birgə təşkilatçılığı ilə keçirilən tədbir zamanı şagirdlərin narkomaniyanın fəsadlarına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, görüşdə Nəsimi RİH başçısının müavini, rayon üzrə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllim və psixoloqlar, yuxarı sinif şagirdləri, eləcə də aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Çıxışlarda narkotik vasitələrdən istifadənin yaratdığı təhlükələr, narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və mənəvi dəyərlərə vurduğu zərər, mövcud hüquqi mexanizmlər, habelə gənclərin asudə vaxtının səmərəli təşkili kimi məsələlər ətrafında ətraflı məlumat verilib. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə