Müasir cəmiyyətlərdə nəsillərarası münasibətlər daim dəyişməkdədir. Xüsusilə də gənc nəslin böyüklərə qarşı davranışları, hörmət anlayışı və sosial etikaya münasibəti son illərdə diqqətçəkən dərəcədə dəyişib. Tarixən ailə institutu azərbaycanlıların sosial-mənəvi dəyərlərində əsas yer tutmuşdur və uşaqlara tərbiyə, utanmaq hissi, böyüyə hörmət kimi prinsiplər ilk növbədə ailədə aşılanmışdır.
Lakin bu gün müşahidə olunan dəyişikliklər göstərir ki, bəzi gənclər arasında bu dəyərlər zəifləməkdədir. Böyüklərə yer verməmək, ailə böyüklərinin sözünə qulaq asmamaq, ictimai etik qaydalara laqeyd yanaşmaq kimi hallar artıq adi hal almaqdadır. Bəziləri bunu zamanın dəyişməsi, bəziləri isə ailədə tərbiyənin zəifləməsi ilə əlaqələndirir. Bu mövzu lə bağlı SİA şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.
Şəhər sakini Müqabil Məmmədov: “Mən bir vətəndaş kimi bu hallara çox şahid olmuşam. Yəni, istəmirəm çox xırdalayım. Son illərdə, nişanlı olan xanım nişanlısına deyirdi ki, “Mən atanla bir evdə yaşamaq istəmirəm, ayrılıqda yaşamaq istəyirəm.” Bu nə deməkdir?
Bəs nə çatışmır? Gənc ailələrə, gənc insanlara informasiya çatışmır. Təbliğat çatışmır. Deməli, bu sahədə – yəni cavan qız ailəyə gəlin gedərkən – təbliğat məktəbdə, ailədə, təhsildə aparılmalıdır. Quranda deyilir ki, “yuxarıda Allahdır, yerdə isə Allah valideyndir”. Bəs buna qarşı çıxmaq olarmı? Əlbəttə, olmaz. Mən sadəcə bunu misal çəkirəm.
Ona görə də düşünürəm ki, gənclərdə əsas çatışmazlıq təbliğatın azlığıdır. Gənc ailə qurur, amma ata-ananın yanında yaşamaq sanki ayıb bir şey kimi qəbul olunur. Halbuki bu qəbahət deyil. Bir mütəxəssis və alim kimi bu çatışmazlığı görür və sizə demək istəyirəm ki, bu məsələ çox önəmlidir.
Ailə tərbiyəsindən başlayaraq, məktəbdə və təhsildə də bu mövzuda maarifləndirmə olmalıdır. Mən özüm də təhsil sahəsində çalışıram. Alim-müəllim olaraq dərsimin bəlkə 5-10 dəqiqəsini belə təbliğata ayırıram".
Şəhər sakini Təhminə Kazımova: “Gənclər bu gün pulun qədrini bilmirlər. Amma bizim dövrümüzdə anlayış birinci yerdə idi. Böyüklərə hörmət var idi, ailələr bir-birini tanıyırdı. Ailələr bir-birinə dayaq olurdu. İndi isə çox çətin bir zamandır. Bu, mənim üçün çox ağrılı bir mövzudur. Təsəvvür edin, çox çalışıram ki, sınmayım. Amma bu, mənim həssas yerimdir. Ona görə də demək istəyirəm ki, bəlkə də bəzi insanlar məndən qorxur. Bəlkə də ona görə mənə kömək etmirlər. Axı indi hamımız təxminən 99% puldan asılıyıq.
Valideynlərdən, analardan və nənələrdən üzr istəmək istəyirəm. Onlara bir az da olsa, dəstək olmaq lazımdır ki, sonra onlar bizə kömək edə bilsinlər. Bəli, evin yoxdursa, ehtiyacın var. Maaş gətirmirsənsə, boşanmaq lazım gəlir. Elə ailələr tanıyıram ki, indi dağılırlar. Niyə? Baxırsan Oğlan ağıllıdır, mükəmməldir. İçki içmir, siqaret çəkmir. Sadəcə işləmir vəqadından dözməyir, onu nlamır və boşanır".
Şəhər sakini Fərqiyə Mikayılova: “Baxırsan ki, hardasa oturmusan və yanında bir xanımla qızı oturur. Xanım qızına deyir: “Sən durma otur, heç kimə yer vermə.” Yəni bu tərbiyə evdən gəlir, ailə həyatından qaynaqlanır. Valideynlər... Təəssüf ki, valideynlər uşaqları düzgün istiqamətləndirmir. Bu, artıq aydındır.
Biz orta məktəbdə oxuyanda bizə təbliğat aparırdılar ki, böyüyə yer vermək lazımdır, onu yolun o biri tərəfinə keçirmək lazımdır, nə bilim daha nələr... Bizə o qədər tərbiyə verilirdi, Sovet dövründən danışırdılar. İndi isə belə şeylər qalmayıb. Orta məktəbdə müəllimlər, mən belə başa düşürəm ki, artıq bu cür məsələlərə təbliğat apara bilmirlər. Bu cür tərbiyə evdə verilməlidir. Məktəbdə, orta məktəbdə də təbliğ olunmalıdır. Bu bizim bəlamızdır, bu bizim problemimizdir”.
Paytaxt sakini Sərxan Cəlalov: “Maliyyə evlilikdə hal-hazırda əsas prioritetdir. Şəxsi olaraq kuryer kimi çalışıram və ayda 2500 manat qazanıram. Gündəlik səhər və axşam işləyərək qazancım bəzən 3000 manata çatır. Amma qazandığım pul mənə çatmır. Əsas xərclərinin kirayə, icarə və komissiya olduğu üçün əlavə pul qırağa atmaq olmur. Mənim fikrimcə həyatda hər şey maliyyədən asılıdır. Maliyyə nə qədər yaxşı olsa, ailə də bir o qədər yaxşı olur. Qazancın, imkanların səviyyəsi ailənin rifahına birbaşa təsir edir".
Şəhər sakini Mətanət Həsənova: “Neçə yaşın olursa-olsun, əgər insanın içində utanmaq, xəcalət çəkmək hissi yoxdursa, nə o insan düz yol tapar, nə də cəmiyyət düzələr. Bu günkü gənclərə baxırsan, sanki heç nədən utanmırlar. Metroda yaşlı bir qadın ayaq üstədir, gənc oğlan yerində oturub, telefonla məşğuldur. Nə gözünü qaldırıb baxır, nə də yer verir. Niyə? Çünki evdə ona bu tərbiyəni verən olmayıb. Utanmaq – bu bir insan keyfiyyətidir. İnsan utanmağı bacaranda qarşısındakı adama da hörmət edir, davranışına da fikir verir. Amma bu gün çox təəssüf ki, belə hallar azalıb. Gənclər düşünür ki, azad olmaq yalnız istədiyini etməkdir. Halbuki azadlıq başqasının sərhədinə toxunmadan yaşamaqdır. Bir vaxtlar qaynanaya, qaynataya söz qaytarmaq olmazdı. Ana yerində bilirdik, hörmət edirdik. İndi isə gəlinlər deyir ki, “mən niyə qaynanamdan icazə almalıyam?” Halbuki bu icazə almaq deyil, bu, sadəcə hörmətdir, ailənin içində səliqədir. O da olmayanda ailə dağılır, nəsil pozulur. İnsan ataya-anaya hörmət etməyi bacarmırsa, o insandan cəmiyyətə də xeyir gəlməz. Çünki tərbiyə ilk növbədə evdən gəlir. Ailə uşağın ilk məktəbidir. Əgər o məktəbdə düzgünlük öyrədilmirsə, məktəb, universitet, heç biri heç nə edə bilməz. Arzu edirəm ki, gənclər böyükləri dinləməyi öyrənsinlər. Qocaların hər sözü – həyat dərsidir. Gərək bizə söz deyəndə, uşaq kimi dinləyək, qulaq asaq. Bəlkə bir cümlə bütün həyatımızı dəyişə bilər.
Şəhər sakini Böyükkişi Nurəliyev: “İndiki gənclər istəyir ki, hər şey beş dəqiqənin içində həll olunsun, qurulsun, bitsin. Onlar sanki hər şeyin tez baş verməsini gözləyirlər. Amma bu cür tələsiklik insanı narahatlıq və sıxıntıya salır. İnsan zəhmətə qatlaşmadan, əziyyətə dözmədən heç nəyə nail ola bilməz. Vaxtın içində sınaqdan keçmədən, zamanla yoğrulmadan uğur əldə etmək mümkün deyil. Buna görə də bu hal əsasən gənclərə xasdır.
Onsuz da onlara nə desən, faydası olmur. Deyirlər ki, “mən ana və ya ata ilə bir evdə yaşamaq istəmirəm”. Halbuki böyüyün olduğu evdə həmişə bərəkət və xeyir olur. Əgər evdə ağsaqqal yoxdursa, orada bərəkət də olmur.
İndiki gənclər bunu başa düşmürlər. Gözlərini bəzənmiş, bahalı geyimlər geyinən insanlara dikirlər. Düşünürlər ki, “onun geyimi bahalıdır, onun pulu var, mənim də olsun.” Amma heç vaxt düşünmürlər ki, əsas olan sağlamlıqdır, xoşbəxtlikdir, ailədaxili anlaşmadır. Əvvəllər bu dəyərlərə böyük önəm verilirdi. Çünki bu bir həqiqətdir: heç kim bu dünyadan öz var-dövləti ilə getmir. Ona görə də gənclər anlamalıdırlar ki, əgər bir oğlanla ailə qurublarsa, onun ailəsinə və çətinliklərinə də dözməlidirlər – istər maddi çətinlik olsun, istərsə də başqa əziyyətlər.
İndiki qızlar dözümsüzdür. Elə bil ki, hər xırda məsələdə “üzr istəyirəm, bu mənlik deyil” deyirlər. Amma Allahın buyurduğu kimi, insan səbirli və anlayışlı olmalıdır. Bizimkilər isə çox vaxt belə deyil".
Şəhər sakini Leyli Hüseynova: “Təbii ki, maddiyyat ön planda olan bir mövzudur. Amma maddiyyətin arxasında da duran insanlar var – zəngindir, amma xoşbəxt deyil, xoşbəxt ola bilmir. Niyə? Yəqin ki, bu da onların xasiyyəti ilə bağlıdır. Elə insanlar var ki, məsələn, deyir: “İşıq çox olanda gözüm qamaşır.” Belə deyənlərdə ən çox qadınlar olur, xüsusilə də gənc qızlar. Deyirlər ki, evin yoxdursa, ana-ata ilə bir yerdə qalmaq istəmirik, mütləq evin olmalıdır. Gənclik bu cür düşünür. Oğlanlar da deyir ki, başqa cür olsa da, ev məsələsi vacibdir.
Onlar sərbəst olmaq istəyirlər, azad yaşamaq istəyirlər. Deyirlər ki, “mən qaynanamdan icazə alıb bir yerəmi gedəcəm? Mən niyə ondan icazə alım?” Halbuki keçmişdə belə deyildi. Qaynanalardan çəkinirdik, hörmət edirdik. Həyat yoldaşımızdan da qorxardıq, daha doğrusu, çəkinərdik. Ayrılmaq sözü gələndə, şəxsən mən özüm elə bilirdim ki, dünya başıma uçdu, altında qaldım.
Amma ərinin də yaxşısı var, pis xasiyyətlisi də var. Elələri də var ki, arvadına çox pis davranır. Belə hallar da qadını bezdirir, nəticədə boşanma ilə nəticələnir. Bəzən kişi içir, başqa qadınlarla oturub-durur, evə izlərlə qayıdır. Bu, real həyatda baş verən hadisələrdir".
Şəhər sakini Arifə Məhiyyədinova: “İnsan neçə yaşında olursa-olsun, əgər utanmaq hissi yoxdursa, həyatımız heç vaxt düzəlməz. Mən metroya minirəm, artıq yaşlı bir qadınam. Oğlan oturub telefonla oynayır, qarşısında bir qız dayanıb, yer vermir. Əgər utansa, bir az utanmağı olsa, bir gün mənim yaşımda olacaq. Amma yox, görürsən ki, utanmaq hissi yoxdur. İnsanları yaxşı yaşamağa sövq edən hisslərdən biri də utanmaqdır. Amma biz heç vaxt qaynanamıza cavab qaytara bilməzdik. Niyə? Çünki ərimizdən utanardıq. O, bizim anamız sayılırdı.
Mən öz yoldaşımı görmüşəm. Biz ailə olmuşduq – o, 23 yaşında idi, mən isə 19. Onu böyüdən bir ata var idi, tərbiyə verən bir ana var idi. Əgər insan atasına, anasına hörmət etmirsə, ondan nə gözləmək olar? Bütün bunlar insan tərbiyəsindən, insan keyfiyyətindən qaynaqlanır. Bu, elə o vaxtdan başlayır. Bu, cəmiyyətimizin ümumi problemidir. Gənclər böyüyü dinləmir. Mən uşaq olanda axşam deyirdilər ki, get kömək elə. Amma heç kim işləmək istəmir. Hamı istəyir ki, rahat yaşasın, heç nəyə qarışmasın. Arzu edirəm ki, gənclər bizim kimi yaşlı nəslə baxıb ibrət alsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə