Simpozium iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə keçirilən və “Konstitusiya və Suverenlik İli”nə, həmçinin 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Tədbir iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə güllər düzüblər.

Qonaqlara Şəhidlər xiyabanının tarixi barədə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə