12 iyun 2025-ci il tarixində görkəmli rəssam Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə “Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir keçirilib. SİA xəbər verir ki, rəssamın xatirəsinə həsr olunmuş gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə rəssamın həyat və yaradıcılığına həsr olunmuş yeni kitabın təqdimatı da baş tutub.
Tədbirdə çıxış edən “Azercell Telekom”un Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova Azercell-in təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş kitabdan bəhs edərkən, - “Ucal Haqverdiyev kimi dahi sənətkarlarımızın irsini tanıtmaq və gələcək nəsillərə çatdırmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki milli mədəni irsimizin qorunması və tərənnüm edilməsi şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir”, - deyə bildirib.
“Azərpoçt” MMC Ucal Haqverdiyevin yubileyi münasibətilə rəssamın “Avtoportret”, “Dərviş” və “Gəzinti” əsərlərini əks etdirən xatirə poçt markaları buraxıb. Markaları tədbir iştirakçılarına nümayiş etdirən “Azərpoçt”un şöbə müdiri Sitarə Hüseynova bildirib ki, Ucal Haqverdiyevin yaradıcılığına həsr olunmuş markalar sənət irsinin filateliya vasitəsilə
yaşadılmasına xidmət edir.
Tədbirdə təqdim olunan digər layihə A-Solutions Elektron Pul Təşkilatının Ucal Haqverdiyevin əsərlərinə həsr olunmuş rəqəmsal kart kolleksiyası oldu. “Maliyyə və mədəniyyət bir arada” təşəbbüsü çərçivəsində ərsəyə gəlmiş bu təşəbbüsün məqsədindən danışan A-Solutions-un baş icraçı direktoru Həsən Həsənov bildirib: “Biz inanırıq ki, texnologiyanın gücü yalnız onun funksionallığında deyil, insanların gündəlik həyatına qatdığı dəyərlə ölçülür".
Tədbirin sonunda qonaqlara Ucal Haqverdiyevin yubileyi münasibətilə nəşr olunmuş kitab hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə