Cəmşid Naxçıvanski adına hərbi liseydə buraxılış mərasimi keçirilib

İyunun 13-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına hərbi liseyin 53-cü buraxılış mərasimi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin (MN) rəhbər vəzifəli şəxsləri, həmçinin MMU-nun və liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa edib.

Hərbi liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

MMU-nun rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək əlamətdar gün münasibətilə MN-in rəhbərliyi adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Cəmşid Naxçıvanski adına hərbi liseyin Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa ediblər.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Təəssüratlarını bölüşən kursant Amin Səmədov bütün yoldaşlarını təbrik edib, onları qarşıda daha şərəfli və məsuliyyətli yol gözlədiyini deyib: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1971-ci ildə qoyulan Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almaq mənim üçün fəxrdir. Qürurvericidir ki, 2 illik təhsilimizi başa çatdırıb məzun oluruq. Bizə təhsildə, nizam-intizamda köməklik göstərən komandir və müəllim heyətinə dərin minnətdarlığımı bildirirəm".

Uşaqlıqdan hərb sahəsinə olan həvəsinin onu Cəmşid Naxçıvanski adına hərbi liseyə gətirdiyini deyən kursant Həsən Həsənov bu yolun şərəfli və məsuliyyətli olduğunu diqqətə çatdırıb. "Lisey bizə tədris müddətində hərbi bilik, bacarıq, fiziki təlim, təhsil, həmçinin dostluq və qardaşlıq ruhunu aşılayıb. Cəmşid Naxçıvanski adına hərbi lisey Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması və inkişafında böyük və əvəzolunmaz rol oynayıb", - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə