İyunun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iyunun 17-nin Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilməsinin tarixi köklərinə toxunub. O, həmçinin qeyd edib ki, bu gün səhiyyə sahəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, səhiyyə infrastrukturunun yenilənməsi, tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Sədr, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar sahəyə, xüsusilə də səhiyyə sisteminə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, onun bu istiqamətdəki fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Peşə bayramı münasibətilə tibb işçilərinə təbriklərini çatdıran Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulayıb ki, son illərdə ölkəmizdə səhiyyənin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, tibbi xidmətlərin keyfiyyəti yüksəlib, regionlarda da müasir səhiyyə müəssisələri yaradılıb. K. Həşimova, həmçinin ölkəmizdə tibb sahəsinin bundan sonra da inkişaf edəcəyinə və bu sahədə çalışan mütəxəssislərin əməyinin dövlət tərəfindən daim yüksək qiymətləndiriləcəyinə əmin olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, filologiya elmləri doktoru Nağdəli Zamanov qeyd edib ki, ölkəmizdə tibb işçiləri yalnız müalicə sahəsində deyil, həm də ölkənin ictimai-siyasi həyatında fəallıq göstərirlər: “Tarix boyu həkimlər, tibb mütəxəssisləri yüksək dövlət vəzifələrində təmsil olunaraq, göstərdikləri peşəkarlıq və vətəndaş mövqeyi ilə etimadı daim doğruldublar. Bu ənənə bu gün də davam edir və səhiyyə işçiləri cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayırlar”.
Sonra Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının fəal üzvlərinə və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-sosial həyatında fəal iştirakına görə bir qrup şəxsə Fəxri fərmanlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə