Gənclərin Peşə Bələdçiləri gənclərinin peşə-ixtisas seçiminə dəstək tədbirləri keçirir - FOTOLAR

“Gənclərin Peşə Bələdçisi” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında və paytaxtında gənclərin peşə təhsilinə yönləndirilməsi məqsədilə tədbirlər keçirilib. SİA xəbər verir ki, layihə gənclərin karyera seçimində düzgün istiqamətləndirilməsini, əmək bazarının tələblərinə uyğun bacarıqlar qazanmasını və peşə təhsilinin üstünlükləri haqqında məlumatlandırılmasını hədəfləyir. Bu təşəbbüs gənclərə və onların valideynlərinə peşə təhsili müəssisələrinin qəbul qaydaları, ixtisasların perspektivləri və təhsilin gələcək karyera imkanlarına təsiri barədə ətraflı məlumatlar verilməsini təmin edir.

Layihənin əsas istiqamətləri arasında yuxarı sinif şagirdlərinin peşə təhsilinə marağının artırılması, valideynlərin bu sahədə məlumatlandırılması və gənclərin öz potensiallarını kəşf etməsinə dəstək olmaq yer alır. Tədbirlər interaktiv seminarlar, karyera yönümlü təlimlər və peşə təhsili müəssisələri ilə birbaşa görüşlər formatında təşkil olunur. Bu fəaliyyətlər gənclərə öz maraq və bacarıqlarına uyğun ixtisas seçməyə kömək edir, eyni zamanda valideynlərə peşə təhsilinin üstünlükləri və əmək bazarında tələbat barədə məlumat verir.

Artıq “Gənclərin Peşə Bələdçisi” layihəsi çərçivəsində 12 regionda və paytaxt Bakıda tədbirlər keçirilib. Bu tədbirlərdə ümumilikdə 1300 nəfərdən çox gənc və 350 nəfərdən çox valideyn iştirakı ilə 16 görüş keçirilib. Məktəblərdə yuxarı sinif şagirdləri və onların valideynləri ilə baş tutan görüşlər peşə təhsilinin əhəmiyyətini vurğulamaqla yanaşı, iştirakçılara praktiki tövsiyələr və real karyera imkanları haqqında məlumat təqdim edib.

Gənclərin Peşə Bələdçiləri - Loğman Şirinov, Babək Rzayev, Asim Yusifov, Gülnurə Kərimova, Dilbər Məmmədova, Elməddin Mirzəyev, Nuranə Əliyeva, Könül Əlizadə, Ravin Atakişiyev, Səkinə Zamanova, Fatimə Hacıağaqızı, Həmidə Teymurova, Xəyal Novruzov tərəfindən Lənkəran, Şəmkir, Yevlax, Zaqatala, Astara, Saatlı, Kürdəmir, Cəlilabad, Mingəçevir rayonlarında təşkil olunan bu tədbirlər gələcəkdə də davam etdiriləcək. Ölkənin müxtəlif regionlarında və paytaxtda yeni tədbirlər planlaşdırılır ki, daha çox gənc və valideyn peşə təhsilinin imkanlarından xəbərdar olsun və düzgün karyera seçimi edə bilsin.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə