"Sərnişinlər bəzən avtobusda özlərini saunada otururmuş kimi hiss edirlər" - EKSPERT TƏNQİD ETDİ
"Bakının ictimai nəqliyyat sistemində, xüsusilə yay aylarında ən çox narazılıq doğuran məsələlərdən biri avtobusların içərisinin istixana şəraitini xatırlatmasıdır. Sərnişinlər bəzən avtobuslarda sanki saunada otururmuş kimi hiss edirlər. Bu hal təkcə narahatlıq yaratmaqla qalmır, eyni zamanda insanlar üçün sağlamlıq baxımından da ciddi risklər doğurur – xüsusən yaşlılar, uşaqlar və ürək-damar problemi olan şəxslər üçün". Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri kondisioner sistemlərinin işləməməsi və ya ümumiyyətlə olmamasıdır. Bir çox köhnə avtobus modellərində kondisioner sistemi quraşdırılmayıb: "Yeni model avtobuslarda isə bu sistemlər ya texniki nasazlıq səbəbindən işləmir, ya da sürücülər tərəfindən enerji və yanacaq sərfiyyatını azaltmaq məqsədilə ümumiyyətlə işə salınmır. Belə hallarda sərnişinlərin rahatlığı arxa plana keçir və nəticədə onlarla insan tər içində, havasız şəraitdə, bəzən otuz-qırx dəqiqəlik məsafəni dözmək məcburiyyətində qalır. Yay aylarında, xüsusilə səhər və axşam saatlarında avtobuslarda həddindən artıq sərnişin olur. Bu sıxlıq təkcə fiziki narahatlıq deyil, eyni zamanda avtobusun içindəki temperaturun artmasına səbəb olur. Bir çox avtobusda pəncərələrin ya ümumiyyətlə açılmaması, ya da çox az açılması səbəbilə hava dövranı kifayət qədər olmur. Bu da istini daha da artırır və havasızlıq hissini gücləndirir. Nəticədə sərnişinlər arasında halı pisləşən, ürəyi bulanan və hətta avtobusu yarı yolda tərk etmək məcburiyyətində qalanlar olur.
Problemin digər səbəblərindən biri də avtobusların texniki xidmətinə və nəzarətə yetərincə diqqət yetirilməməsidir. Kondisioner sistemlərinin işlək vəziyyətdə olub-olmaması bəzən yoxlanılmır və ya bu, ikinci dərəcəli məsələ kimi qəbul olunur. Halbuki yayda kondisioner sistemi bir avtobus üçün dəbdəbə deyil, zərurətdir. Avtobusların istismara buraxılmadan əvvəl mütəmadi texniki baxışdan keçirilməsi, kondisioner və havalandırma sistemlərinin işlək vəziyyətdə olduğunun yoxlanılması vacibdir. Bəzi hallarda kondisioner sistemləri işlək vəziyyətdə olsa belə, sürücülər onları işə salmaq istəmirlər. Bunun səbəbi əlavə yanacaq sərfi, batareya yüklənməsi və ya sadəcə şəxsi istəksizlik ola bilər. Bu da göstərir ki, sürücülər arasında maarifləndirmə işləri gücləndirilməlidir. Onlara sərnişin rahatlığının və təhlükəsizliyinin prioritet olduğu, texniki sistemlərin istifadə edilməsinin onların məsuliyyətinə daxil olduğu aydın şəkildə başa salınmalıdır.
Problemin həlli üçün ilk növbədə köhnə, kondisionersiz avtobuslar mərhələli şəkildə istifadədən çıxarılmalı və yerinə yeni, tam havalandırma sistemləri ilə təchiz edilmiş avtobuslar alınmalıdır. Bütün avtobuslara texniki xidmətin səmərəli və mütəmadi şəkildə göstərilməsi təmin olunmalıdır. İstismardan öncə kondisioner sistemləri yoxlanılmalıdır. Kondisioneri işə salmayan sürücülərə qarşı xəbərdarlıq və cəza mexanizmləri tətbiq edilməli, eyni zamanda sürücülərin bu sahədə maarifləndirilməsi vacibdir.
Sərnişin sıxlığını azaltmaq üçün marşrut sayı artırılmalı və pik saatlarda daha geniş tutumlu avtobuslar xəttə buraxılmalıdır. Bu həm istilik problemini azaldar, həm də sərnişin rahatlığını təmin edər.
Yekun olaraq demək olar ki, yay aylarında avtobusların istixana kimi olması sadəcə narahatlıq deyil, həm də ictimai sağlamlıq və insan hüquqları baxımından həll olunmalı bir problemdir. Bu vəziyyətin qarşısını almaq üçün texniki, inzibati və maarifləndirici tədbirlər birgə görülməli, ictimai nəqliyyat sistemi sərnişinlərin rahatlığını prioritet hesab etməlidir. Ancaq bu zaman Bakının ictimai nəqliyyatı həm səmərəli, həm də insanlara hörmət edən bir sistemə çevrilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə