"Cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır" İlahiyyatçı DANIŞDI

"Yaxın günlərdə Bakının parklarından birində baş verən qeyri-adi hadisə yenidən cadu və cadugərlik mövzusunu gündəmə gətirib. Yeniyetmələr parkda torpağa basdırılmış bir şüşə banka tapıblar. Bankanın içərisində ərəb dilində yazılmış müxtəlif adlar və "qurd yağı" adlandırılan bir maddə olub. Hadisə bir çox insanın diqqətini çəkib və cadu ilə bağlı suallar doğurub". Bu sözləri SİA-ya açıqlamasında Neftçala şəhəri "Sahib Əzzaman" məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib.

Onun sözlərinə görə, cadugərlik min illərdir insanların həyatında olmuş bir anlayışdır. Qədimdən bəri insanlar müəyyən problemlərinə mistik yollarla çarə axtarıb, bəzən isə başqalarına zərər vermək məqsədilə caduya əl atıblar: "Texnologiya və elmin inkişafı bu inamları zəiflətməyə çalışsa da, bəzi insanlar hələ də cadunun gücünə inanır və ondan qorxur. İslam dinində cadu və cadugərlik qəti şəkildə qadağan olunub. Qurani-Kərimdə cadu edənlər və ona inananlar haqda xəbərdarlıqlar var. Bəqərə surəsinin 102-ci ayəsində Süleyman Peyğəmbərin cadugərliklə əlaqəsi olmadığı, əslində insanların şeytanların öyrətdiyi cadunu öyrəndikləri bildirilir. Peyğəmbər Məhəmməd (s.ə.s.) də caduya qarşı dua və qoruyucu ayələrlə mübarizə aparmağı tövsiyə etmişdir. İslamda cadu etmək günah, cadunu yaymaq və ona inanmaq isə — əgər tövbə olunmazsa — insanı iman dairəsindən çıxara biləcək qədər təhlükəli hesab olunur. Bakıda tapılan cadu bankası bir daha göstərdi ki, cadu anlayışı tamamilə tarixə qarışmayıb. Bəzi insanlar hələ də bu mistik üsullara inanır və onlardan istifadə edir. Bunun qarşısını almağın ən təsirli yolu maarifləndirmədir: insanlar dini biliklərlə və elmi yanaşmalarla silahlanmalı, bu cür xurafatlara qarşı dayanıqlı olmalıdırlar".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə