Türkiyədən və Gürcüstandan olan din xadimləri Fəxri xiyabanı ziyarət ediblər - FOTOLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycana səfər edən Türkiyədən və Gürcüstandan olan din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını, Türk Şəhidliyi abidəsini ziyarət ediblər. SİA xəbər verir ki, Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdiriblər. Qonaqlar Türk Şəhidliyi abidəsini də ziyarət ediblər.
Ziyarət zamanı Türkiyənin Kars şəhərindən olan din xadimi Yavuz Yıldız jurnalistlərə müsahibəsində deyib: “Azərbaycanda gördüklərimiz sayəsində Vətənin nə qədər müqəddəs olduğunu öyrəndik. Şuşa səfərimiz zamanı ermənilərin dəhşətli soyqırımı törətdiklərinin şahidi olduq. Müqəddəs məbədləri dağıtdıqlarını, yerlə-yeksan etdiklərini, Xocalıda günahsız ailələri, uşaqları öldürdüklərini öyrəndik. Allah Azərbaycan-Türkiyə qardaşlığını daimi etsin”.
Türkiyəli digər din xadimi Zahid Demirel isə deyib: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Gördük ki, iki dövlət, bir millət anlayışı realdır. Şəhidləri unutmayacağıq. Həmçinin Qarabağ müharibələrinin dəhşətlərini, 20 Yanvar, Xocalı faciələrini yaddan çıxarmayacağıq. Əksinə, ölkəmizə qayıdanda Azərbaycanda gördüklərimiz barədə digər insanlara məlumat verəcəyik”.
Qeyd edək ki, din xadimləri mayın 31-də işğaldan azad edilən Ağdamda da olublar. Onlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə tanış olub, Şəhidlər xiyabanı, Cümə məscidi və İmarət kompleksini ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə