"Azərbaycan diri göyərçinləri Türkmənistana, onun əti isə Belarusa ixrac olunur. Bu hal göyərçin ətinin həm ölkə daxilində, həm də beynəlxalq bazarda tələbat gördüyünü göstərir. Bir çox insanlar üçün göyərçin əti qeyri-adi və nadir bir qida kimi görünsə də, əslində bu ət növü bir çox ölkələrin mətbəxində qədim zamanlardan bəri istifadə olunur və qida dəyəri baxımından olduqca faydalı hesab edilir". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, Misirdə göyərçin əti ilə hazırlanan “hamam mahshi” adlı yemək çox populyardır və bayram süfrələrinin əsas hissəsini təşkil edir: "Fransa və İtaliya kimi Avropa ölkələrində isə göyərçin əti gurme səviyyəli restoranlarda təqdim olunur və yüksək keyfiyyətli zərif bir yemək kimi qəbul edilir. Qida tərkibinə gəldikdə, göyərçin əti yüksək miqdarda proteinlə zəngindir və bu onun əzələ inkişafı, toxuma bərpası və ümumi bədən sağlamlığı üçün olduqca faydalı olduğunu göstərir. Bundan əlavə bu ətin tərkibində orqanizmin ehtiyac duyduğu dəmir, B qrupu vitaminləri, xüsusilə də B12 vitamini, eləcə də sink və fosfor kimi minerallar mövcuddur.
Göyərçin əti yağ baxımından az tərkibli olduğuna görə diyetik qidalanan insanlar və sağlam həyat tərzi keçirən şəxslər üçün də uyğun seçim sayılır. Həkimlər və dietoloqlar bu əti zəif immun sisteminə malik şəxslərə, əməliyyat və ya xəstəlik sonrası bərpa dövründə olan insanlara, eləcə də anemiya və yorğunluq halları yaşayanlara tövsiyə edirlər. Göyərçin ətinin asan həzm olunması onu mədə-bağırsaq problemləri olan şəxslər üçün də ideal qida növünə çevirir. Beləliklə göyərçin əti həm ləzzətli dadı, həm də sağlamlıq baxımından təqdim etdiyi faydaları ilə seçilən dəyərli bir ət növüdür. Təbii ki bu ətin də digər heyvani məhsullar kimi gigiyenik və sağlam şəraitdə yetişdirilməsi, saxlanılması və düzgün bişirilməsi vacibdir. Bu şərtlərə əməl olunduqda göyərçin əti həm qida dəyəri, həm də tibbi baxımdan faydalı bir seçim kimi insan süfrələrində layiqli yer tuta bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə