Azərbaycanın milli-mədəni kimliyinin təbliği istiqamətində həyata keçirilən unikal və davamlı layihələrdən biri olan “Milli geyimdə gəzinti” bu il 10 illik yubileyini qeyd edir. SİA xəbər verir ki, layihə ilk dəfə 2015-ci ildə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin təşəbbüsü ilə həyata keçirilib və ötən illər ərzində ənənəvi mədəni hadisəyə çevrilib. “Milli geyimdə gəzinti” layihəsi milli geyimlərimizin gündəlik həyatımıza inteqrasiyası, ictimaiyyətə tanıdılması və unudulmaqda olan mədəni irsimizin yenidən canlandırılması məqsədi daşıyır. Tədbirin çoxyönlü məqsədləri sırasına gənc nəslin milli kimlik və mədəni irsə bağlılıq hisslərinin gücləndirilməsi, Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin geniş ictimaiyyətə çatdırılması, şəhər mədəniyyətimizə mənəvi zənginliyimizin qatılması da daxildir.
“Milli geyimdə gəzinti” yalnız estetik bir tədbir deyil, həm də mədəniyyətimizin canlı nümayişidir. Adətən səhnədə və podiumlarda gördməyə adət etdiyimiz milli geyimləri müxtəlif yaş qrupundan olan insanların , fərqli peşə sahiblərinin, üzərində daşıyaraq gündəlik həyatda və ictimai məkanlarda təqdim etməsi bu geyimləri həyatımıza daha yaxın edir, insanlar arasında maraq və sevgi yaradır, unudulmaqda olan dəyərlərin yenidən gündəmə gətirilməsinə səbəb olaraq xalqın öz keçmişinə sahib çıxma hissini gücləndirir.
Şəhərin mərkəzi küçələrində baş tutan “Milli geyimdə gəzinti” həm də şəhərimizin qonaqları üçün canlı mədəniyyət nümayişi olmaqla, Azərbaycana məxsus koloritin yaddaşlarda qalmasına da səbəb oldu. Onu da qeyd etmək lazımdır ki, belə gəzintilər yalnız turistlər üçün deyil, həm də əhali üçün visual-mədəni təcrübə rolu oynadı. Onlar iştirakçıları alqışlarla qarşılayıb, milli geyimlərimiz barədə suallar verir, bu geyimlərin möhtəşəmliyini vurğulayırdılar.
Hər il daha çox insanın könüllü olaraq qatıldığı bu tədbir cəmiyyətin müxtəlif zümrəsindən, müxtəlif yaş qruplarından yeni simaları bir araya gətirir. Bu isə, milli mədəniyyətimizə, dəyərlərimizə olan maraq və bağlılığın ildən-ilə artdığını nümayiş etdirir.
Gəlin, dəyərlərimizi birgə yaşadaq və nümayiş etdirək!
Bütün xəbərlər Facebook səhifəmizdə