27 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında “ 28 May - Müstəqillik Günü “ nə həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan dövlətinin sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan edib.
Sonra çıxış edən 156 saylı tam orta məktəbin müəllimi Ağabəyova Mənzər bildirib ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyalarında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib və dövlət müstəqilliyimiz bərpa olunub. Bu il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 ili tamam olur. Yeddi il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə