Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün “Mediada insan hüquqlarının qorunması prinsipləri” mövzusunda seminar-təlim təşkil edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Audiovizual Şuranın mətbuat xidmətindən verilən məlumata görə, Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu Audiovizual Şura ilə BDU arasında üç ildir uğurla davam edən əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Şuranın fəaliyyət istiqamətləri, audiovizual media subyektləri, həmçinin görülən işlər barədə tələbələrə ətraflı məlumat verib. O, Şuranın təşkil etdiyi maarifləndirici tədbirlər haqqında danışıb.
Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Mediada insan hüquqlarının qorunması prinsipləri" mövzusunda geniş təqdimat edib. A.Sadıqlı tələbələrə audiovizual media subyektləri və onlarının fəaliyyətində insan hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin tələbləri və icra mexanizmləri ilə bağlı ətraflı məlumat verib.
İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran sualların cavablandırılması və real hadisələr-nümunələrin izahı ilə davam edib.
BDU-da mütəmadi olaraq təşkil edilən seminarlar Audiovizual Şura, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə