Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihəyə start verilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 45 nəfər iştirak edir.
On seminardan ibarət olacaq məktəbin ilk seminarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Heydər Əliyev və dövlət quruculuğu” mövzusunda, ikinci seminarı isə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Heydər Əliyev və YAP” mövzusunda keçirib.
Seminarlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Seminarların hər ikisi interaktiv formada sual-cavab şəklində keçib.
Qeyd edək ki, beş gün ərzində davam edəcək “Heydər Əliyev məktəbi” adlı layihədə universitet rektorları və idarə rəhbərləri iştirakçılarla görüşüb müxtəlif mövzularda seminarlar keçəcəklər.
Sonda iştirakçılar fəxri fərmanla təltif olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə