Əmmanda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - FOTO
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı və Əmman Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə paytaxtın Yeni Bədr rayonunda yerləşən Ulu Öndərin adını daşıyan küçədə ağacəkmə aksiyası keçirilib. SİA Azərbaycanın İordaniyadakı səfirliyinə istinadla xəbər verir ki, Əmman Böyükşəhər Bələdiyyəsinin nümayəndələrinin, Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də Azərbaycan diasporunun fəalları və səfirliyin əməkdaşlarının iştirakı ilə təşkil olunmuş tədbirdə səfir Eldar Səlimov çıxış edib. Diplomat çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.
E.Səlimov çıxışında qonaqların diqqətini Ulu Öndər Heydər Əliyevin dövlətimizin və xalqımızın həm Sovet İttifaqı dövründə, həm də müasir tarixində oynadığı mühüm roluna yönəldib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün dünya miqyasında böyük nüfuz və ehtirama sahib olan müstəqil Azərbaycan dövləti məhz Ümummilli Liderimizin zəngin siyasi irsinin davamıdır.
Səfir, həmçinin vurğulayıb ki, Azərbaycan ilə İordaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin təməli 1994-cü il dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Zirvə Görüşü çərçivəsində Heydər Əliyev və İordaniya Haşimilər Krallığının mərhum kralı Əlahəzrət Əl-Hüseyn ibn Talal arasında keçirilmiş tarixi görüş zamanı qoyulub. Diqqətə çatdırılıb ki, bu münasibətlər sonrakı illərdə dövlətimizin başçısı İlham Əliyev və İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah bin Əl-Hüseynin birbaşa dəstəyi ilə daha da inkişaf etdirilərək möhkəmlənib.
Əmman Böyükşəhər Bələdiyyə Şurasının üzvü Əzzam əl-Tərakiyyə və Yeni Bədr məntəqəsinin müdiri Bilal Ərbihat çıxış edərək İordaniya ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin inkişafından məmnunluq duyduqlarını ifadə ediblər. Onlar, həmçinin həyata keçirilən ağacəkmə aksiyasının paytaxt bələdiyyəsinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıblar.
Sonra Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçədə tədbir iştirakçılarının iştirakı ilə ağaclar əkilib, mövcud olan ağaclara aqrotexniki qulluq göstərilib.
Bundan başqa, İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi internet səhifəsində, həmçinin aparıcı “The Jordan Times” və “Əl-Ənbat” dövlət qəzetlərinin elektron versiyalarında, eləcə də geniş oxucu auditoriyasına malik www.johinanews.com, www.nbnjo.com, www.nayrouz.com və www.cleopatranews.com və “Jordan Daily” xəbər portallarında səfir Eldar Səlimovun “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı” məqaləsi dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə