Şamaxı, Qobustan xəstəxanalarının mənimsəmədə təqsirləndirilən sabiq direktoruna hökm oxunub
Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittiham olunan sabiq direktoru Emin Hüseynin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, ona bir il sınaq müddəti müəyyən edilməklə şərti cəza verilib.
İttihama görə, Emin Hüseyn Qobustan və Şamaxı rayonlarının Mərkəzi xəstəxanalarında direktor vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatları daxil edib. O, bu yolla dövlət büdcəsindən həmin xəstəxanalara ayrılmış pul vəsaitlərini mənimsəməkdə təqsirləndirilib.
İttihamda qeyd olunub ki, o, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyərkən xəstəxananın kompüter və periferiya avadanlıqlarının təmiri və texniki qulluq xidmətlərinin göstərilməsi ilə bağlı ayrılan vəsaiti, həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində işləyərkən xəstəxananın təmiri üçün ayrılmış pulun bir qismini, sözügedən xəstəxanaya dərman vasitələrinin alınmasına görə təyin olunan pulu və digər təyinatlarla ayrılmış vəsaitləri mənimsəyib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Məhkəmə materiallarına əsasən, o, mənimsənilən məbləğlərin müəyyən hissəsini dövlət büdcəsinə geri qaytarıb.
Emin Hüseyn ifadəsində hazırda “Batı Göz” klinikasında baş həkim vəzifəsində işlədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə