Quba - Qonaqkənd - Muçu avtomobil yolunun Quba rayonunun İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində, Qaraçayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi rayonun 60-dan çox kəndi ilə əlaqəsini çətinləşdirib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, güclü sel körpünün dayaqlarını zədələyib. Körpünün dağılmaq təhlükəsi olduğundan üzərindən hərəkət məhdudlaşdırılıb. Əraziyə xüsusi texnikalar cəlb olunub.
Körpünün vəziyyəti ilə yerində tanış olmaq üçün əraziyə Rayon Fövqəladə Hallar Komissiyasının, hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların nümayəndələri baxış keçiriblər.
Quba Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, uzunluğu 101, eni isə 8 metr olan körpüdə qəzalı vəziyyət yaranıb. Nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. “Sürücülər üçün alternativ yollar var. Pirvahid yolundan istifadə edə bilərlər. Hadisə nəticəsində Quba rayonunun 60-dan çox kəndinə aparan əsas yol bağlanıb. Bu istiqamətdə olan kəndlərdə 51 mindən çox əhali yaşayır”, - deyə Tariyel İbrahimov media nümayəndələrinə açıqlamasında söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə