Paytaxt ərazisində yerləşən avtobus zolaqlarında ümumi istifadədə olan nəqliyyat vasitələrinin - avtobusların fasiləsiz, intensiv və təhlükəsiz hərəkətinin təşkili məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik işlər davam etdirilir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərnişinlərin marşrutlar üzrə hərəkətinə maneə yaradan avtomobillər müəyyən olunaraq barələrində inzibati tədbirlər görülür. Zolaqlar üzrə hərəkət üstünlüyünə malik avtobuslarda olan vətəndaşları gecikdirən halların aradan qaldırılması üzrə inzibati tənbeh tədbirləri ilə yanaşı, təbliğat-maarifləndirmə işi təşkil olunub.
Tədbirlərdə avtobus zolağına daxil olaraq ictimai nəqliyyatın hərəkətinə maneə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir. Etdikləri qanun pozuntusunun digər vətəndaşlarımıza yaratdığı çətinliklər izah olunmaqla həmin halın yüzlərlə vətəndaşın gecikməsinə və hərəkət intensivliyinə təsir etdiyi onların diqqətinə çatdırılır.
“Bir daha vurğulayırıq ki, ictimai nəqliyyatdan istifadə edən şəxslərə hörmətlə yanaşılmalıdır. Qaydalara əməl etmək şəhərin nəqliyyat şəbəkəsində hər bir sürücünün əsas vərdişi, davranışı və intizamı olmalıdır”, - deyə nazirliyin məlumatında bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə