Bakıda Azərbaycan və Sloveniya arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.
SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanla Sloveniya arasında dostluq münasibətləri əsasında əlaqələrin genişlənməkdə olduğunu diqqətə çatdırıb. O, iki ölkə arasında ötən dövrdə müxtəlif sahələr üzrə əməkdaşlığa dair 12 sənəd imzalandığını, parlamentlərarası dialoq üzrə işçi qruplarının münasibətlərimizin inkişafında mühüm rolunu qeyd edib.
Anar Əliyev İkinci Dünya müharibəsi zamanı Sloveniyada faşizmə qarşı döyüşmüş Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin – Mixaylonun irsinin xalqlarımız arasında dostluğun güclü simvolu olduğunu qeyd edib. İki ölkə arasında ticarət dövriyyəsində bu ilin ilk iki ayında 67 faiz artım olduğunu bildirən nazir ötən dövrdə 7 Azərbaycan-Sloveniya biznes-forumunun keçirildiyini diqqətə çatdırıb. O, əmək və məşğulluq sahələrində əməkdaşlığın inkişafı üçün də böyük potensialın olduğunu bildirib. Nazir təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və s. sahələrdə də əməkdaşlığın dərinləşdirilməsinin əlaqələrin inkişafında önəmini, hazırkı iclasın yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün gözəl imkan yaratdığını qeyd edib.
Sloveniyanın Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon iki ölkə arasında dostluq münasibətlərini qeyd edib. O, qarşılıqlı maraq doğuran çoxtərəfli istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan işlərin məmnunluq doğurduğunu və dövlətlərimiz arasında ikitərəfli tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.
Birgə İşçi Qrupunun Sloveniya tərəfindən rəhbəri, Sloveniya Respublikasının İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye ikitərəfli əlaqələrin davamlı inkişafı üçün səylə çalışdıqlarını, hazırkı iclasda müzakirə olunacaq məsələlərin əməkdaşlıq sahələrinin genişləndirilməsində əhəmiyyətini qeyd edib.
İclasda Azərbaycan və Sloveniyanın müxtəlif qurumlarının rəhbər şəxsləri tərəfindən təqdimatlar edilib. İkitərəfli əməkdaşlığın gündəliyinə, iqtisadi-ticarət, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat, İKT, idman, turizm, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə, həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələrində də əlaqələrin inkişaf etdirilməsi imkanlarına dair müzakirələr aparılıb.
Müzakirələrdən sonra Birgə İşçi Qrupunun Azərbaycan və Sloveniya tərəfindən həmsədrləri – Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov və Sloveniyanin İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye iclasın yekunlarına dair Protokolu imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə