“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq 2023-2025-ci illərdə Naxçıvan iqtisadi rayonunun ümumi planının,habelə şəhərlərin baş planlarının hazırlanmasında əsas icraçı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edilib. Komitənin Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırda Naxçıvan iqtisadi rayonunun ümumi planının hazırlanması istiqamətində işlər həyata keçirilir”
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Vəsilə Allahverdiyeva deyib. Qeyd edib ki, şəhər torpaqlarından istifadə növlərini müəyyən etməklə muxtar respublika şəhərlərinin baş planlarının hazırlanması istiqamətində Naxçıvan şəhərinin baş planının icraçısı Böyük Britaniyanın “Chapman Taylor” şirkətinin, həmçinin sifarişçi Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyində 6 dəfə təqdimat keçirilib. Təqdimatlarda ərazilərin inkişafı, funksional zonalaşdırma və planlaşdırma strukturu, mühəndis-nəqliyyat infrastrukturu, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi, istehsal, mühəndis-nəqliyyat təminatı obyektləri və digər infrastrukturların formalaşması, həmçinin məskunlaşma sisteminin mərkəzi və ya köməkçi mərkəz olan yaşayış məskənlərinin təsir zonası hüdudlarında perspektivdə inkişaf etdiriləcək əmək, mədəni-məişət və landşaftrekreasiya (yaşıllıq) əlaqələri və obyektləri müzakirə olunmuş və məsələlərlə bağlı müvafiq təkliflər verilib.
Vəsilə Allahverdiyeva bildirib ki, böyüməkdə olan muxtar respublikanın şəhərlərində yaşayan əhalinin mənzilə olan tələbatının təmin edilməsini nəzərə alaraq şəhər ərazisində yerləşən torpaq sahələrində çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub: "Artıq Naxçıvan şəhərində həmin tikintilər üçün ayrılan, habelə sahibkarların mülkiyyətində olan torpaq sahələrində tikinti layihələrinə şəhərsalma əsaslandırılması və memarlıq-planlaşdırma baxımından müvafiq qanunvericiliyin tələblərinə uyğun rəylər verilməsi təmin edilib. Belə ki, tikintisi nəzərdə tutulan 10,4 hektar torpaq sahəsində ümumilikdə 1460 mənzil olmaqla 47 yaşayış binasının bütün tikinti layihə sənədləri Komitə və baş planının icraçısı “Chapman Taylor” şirkəti ilə razılaşdırılıb və tikintiyə izacə icraatı həyata keçirilib. Həmçinin Ordubad və Şahbuz şəhərlərinin baş planının hazırlanması ilə bağlı içraçı İsveçrənin “SA_Parners” şirkəti tərəfindən 3 dəfə təqdimat keçirilib, şəhər sərhədləri, yaşıl sahələr, sənaye sahələri, infrastrukturlar, əsas binalar və planlaşdırılan şəhərin inkişafı və perspektivləri barədə müzakirələr aparılıb"
"İlin əvvəlindən etibarən Culfa və Babək şəhərlərinin baş plan layihələrinin hazırlanmasına başlanılıb. Belə ki, baş planların hazırlanması ilə əlaqədar, ilkin olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarəti Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun əməkdaşları Culfa və Babək rayonlarına ezam olunub və əldə edilmiş ilkin məlumatlar əsasında hazırlıq işlərinə başlanılıb"- deyə komitənin rəsmisi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə