Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurası və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə 12 Aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Günü münasibətilə “Aviasiya və kosmonavtika: keçmiş, bu gün və gələcək” adlı elmi-maarifləndirici tədbir keçirilib. SİA xəbər verir ki, rəsədxanadan verilən məlumata görə, Sumqayıt Dövlət Universitetində keçirilən tədbirin əsas məqsədi kosmik tədqiqatların, aviasiya sahəsində əldə olunan nailiyyətlərin gənc nəslə çatdırılması, bu sahəyə marağın artırılması və elmin populyarlaşdırılmasıdır. Eyni zamanda, tələbələr və tədqiqatçılar üçün yeni elmi perspektivlər açmaq, onların bu istiqamətdəki fəaliyyətinə dəstək olmaq da tədbirin əsas hədəflərindəndir.
Tədbirdə çıxış edən SDU-nun Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov insanlığın kosmik fəthlərə doğru atdığı ilk addımların təkcə texnoloji deyil, həm də mənəvi və elmi tərəqqinin simvolu olduğunu bildirib. O qeyd edib ki, bu gün elm ilə təhsilin inteqrasiyası cəmiyyətin inkişafı üçün əsas şərtlərdən biridir və bu kimi tədbirlər tələbələrdə elmə marağın formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Xüsusilə də astronomiya sahəsində Azərbaycan elminin qədim və zəngin ənənələrə malik olduğunu vurğulayan R.Səlimov bu irsin müasir tədqiqatlarda davam etdirilməsinin vacibliyini qeyd edib.
Təbiət elmləri fakültəsinin Fizika kafedrasının müdiri dosent Gülnarə Quliyeva çıxışında qeyd edib ki, kosmos və onun fəthi yalnız alimlərin deyil, bütün bəşəriyyətin maraq dairəsindədir və bu sahədəki nailiyyətlərin təhsildə, elmi tədqiqatlarda tətbiqi çox vacibdir.
ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli də Aviasiya və Kosmonavtika Gününün əhəmiyyətindən, bu sahənin inkişaf perspektivlərindən və rəsədxananın gənc alimlərinin bu istiqamətdə gördüyü işlərdən bəhs edib. O bildirib ki, bu kimi tədbirlər elmi maarifləndirmə baxımından olduqca əhəmiyyətlidir və tələbələrə ilham verir.
Tədbirdə “12 Aprel: insanlığın kosmosa ilk addımı” adlı videoçarx nümayiş olunduqdan sonra elmi sessiya başlayıb.
Sessiyada “Kosmonavtikanın tarixi, kosmik uçuşlar və kosmik teleskoplar”, “Azərbaycanda astronomiya tarixi” və “Müasir astronomiyanın tədqiqat istiqamətləri” mövzularında məruzələr dinlənilib.
Tədbir iştirakçılarının sualları cavablandırılıb, elmi müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə