Cari təsərrüfat ilində Şəki rayonunda 1620 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin ötən illə müqayisədə 19 hektar artırılması nəzərdə tutulur.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Onun sözlərinə görə, sahələrin 1320 hektarına “Virciniya botaniki”, 300 hektarına isə yerli tütün sortları əkiləcək. Hazırda təsərrüfatlarda tütün əkininə son hazırlıq işləri görülür.
Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar “Azərtütün” ASC, “Şəki Tobacco” MMC, “Göynük Tobacco” MMC və digər müəssisələr tərəfindən indiyədək 222 fermerlə müqavilə bağlanılıb və bu iş davam etdirilir. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 1581 hektar təşkil edir.
Bundan əlavə, torpaq mülkiyyətçiləri tərəfindən fərdi şəkildə 39 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılır. Tütün ştillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 51 min kvadratmetr sahədə sadə istixanalar hazırlanaraq toxum səpilib. Hazırda istixanalarda alaqlara qarşı mübarizə tədbirləri aparılır. Ştillərin aprelin 20-dən sonra sahələrə köçürülməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1601 hektar sahədən 4528 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 381 ton artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə