"Ramazandan sonra sağlam qidalanma mərhələli, diqqətli və balanslı şəkildə təşkil olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib.
O bildirib ki, çünki uzun müddət ac qalan bədən bir anda ağır və nəzarətsiz qidalanmaya keçərsə, bu zaman mədə ağrıları, şişkinlik, qəbizlik, halsızlıq və enerji düşüklüyü yaşana bilər:
1. Qidalanma rejiminə tədricən keçin
Ramazandan sonra əvvəlki gündə 3-4 dəfə yemək rejiminə keçmək əvəzinə, bir neçə gün ərzində daha sadə və tədrici qidalanma seçilməlidir. Günə protein və liflə zəngin bir səhər yeməyi ilə başlamaq – məsələn, yumurta, tərəvəz, kəsmik, bir az çərəz – bədəni tədricən oyatmağa kömək edər.
2. Mədə problemlərinin qarşısını almağın yolu – sadəlik və balans
Ramazan sonrası ən çox rastlanan şikayətlərdən biri – mədədə ağırlıq, qaz və həzmsizlikdir. Bu problemlərin qarşısını almaq üçün:
Qızartmalardan və ədviyyatlı yeməklərdən uzaq durmaq
Daha çox, qarabaşaq, mərci, tərəvəz və meyvələrdən istifadə
Probiotiklərlə (qatıq, kefir, kəsmik) bağırsaq florasını bərpa etmək
Gün ərzində kiçik porsiyalarla, tez-tez qidalanmaq tövsiyə olunur.
3. Su balansını yenidən qurun
Ramazan boyunca su qəbulunun vaxtı məhdud olduğu üçün bədən susuz qala bilər. Bu vəziyyəti bərpa etmək üçün ilk günlərdən başlayaraq gündə 8-10 stəkan (təxminən 2-2,5 litr) su içmək vacibdir. Su həm toksinlərin atılmasına, həm də bağırsaq hərəkətliliyinə kömək edir.
4. Bayram şirniyyatlarına diqqət!
Bayram süfrələrinin ayrılmaz hissəsi olan şəkərli və xəmir məhsulları orqanizmi yükləyə bilər. Ramazandan sonra birdən-birə şəkərli qidalara keçid qan şəkərində dalğalanmalara səbəb ola bilər. Təbii şirniyyatlara – meyvə, quru meyvə, evdə hazırlanmış şəkərsiz şirniyyatlara üstünlük vermək daha doğrudur.
5. Fiziki aktivlik – təkcə bədəni deyil, ruhu da oyadır
Ramazan boyunca bir çox insanın fiziki aktivliyi azalır. Bədəni yenidən oyatmaq üçün günə yüngül hərəkətlərlə başlamaq, 20-30 dəqiqəlik gəzintilər, nəfəs məşqləri və ya evdə edilən sadə idmanlar kifayətdir. Aktivlik həm metabolizmi sürətləndirir, həm də psixoloji rahatlıq verir.
6. Yeni ritmə uyğunlaşmaq üçün öz bədəninizi dinləyin
Hər bədənin adaptasiya müddəti fərqlidir. Kimi Ramazandan sonra özünü daha enerjili hiss edir, kimi isə bir qədər yorğun və həssas olur. Əsas məqsəd bədəni yükləmədən, mərhələli şəkildə qidalanma və həyat rejiminə keçməkdir. Yuxu saatlarının tənzimlənməsi, stressin azaldılması və bədənin ehtiyaclarına diqqət göstərilməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə