Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Azərbaycan xalqının yaddaşına 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olmuş XX əsrin ən qanlı, amansız faciəsindən 107 il ötür. SİA xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında soyqırımı günü ilə əlaqədar silsilə materiallar - ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Virtual kitab sərgisində 31 Mart hadisələrinin tarixinə xronoloji ardıcıllıq ilə nəzər salınır, soyqırımın acı nəticələri haqqında tarixi faktlar təqdim edilir. Kitabxana əməkdaşlarının hazırladığı sərgidə Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında bu hadisələrə siyasi qiymətin verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasının ilk dəfə rəsmi sürətdə bəyan edilməsi və 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi, beynəlxalq aləmdə faciəyə verilən siyasi qiymət haqqında məlumatlar yer alır.

Virtual sərgidə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü mövzuda qələmə alınan kitab və dövrü mətbuat məqalələri təqdim edilir. “31 Mart unudulmayan tarix” adlı virtual kitab sərgisində “31 Mart tariximizin faciəli səhifəsi”, “Türkiyə və Azərbaycanda erməni millətçilərinin cinayətləri”, “Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı”, “Ermənilər türklərə qarşı” kimi kitabların qısa annotasiyası sərgilənir.

“31 Mart unudulmayan tarix” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib: https://ryl.az/multimedia/31-mart-azerbaycanlilarin-soyqirimi-gunu

Bütün xəbərlər Facebook səhifəmizdə