90 çarpayılıq Şuşa Müalicə Sağlamlıq-Mərkəzi 6 korpusdan ibarətdir

İşğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihələrindən biridir.

SİA-nın məlumatına görə, Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov bildirib ki, təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan bu tibb ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.

Şuşa Müalicə-Sağlamlıq Mərkəzində müalicə korpusları, Təcili Tibbi Yardım Stansiyası, turş su, Naftalan vannaları, duz otağı və digər tibbi xidmət bölmələri fəaliyyət göstərəcək. Mərkəzin xidmətlərindən Şuşa sakinləri, şəhərin qonaqları və ətraf rayonların sakinləri faydalana biləcəkdir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə