Xankəndidə Müqəddəs Ramazan günlərində iftar çadırı qurulub - FOTOLAR

Müqəddəs Ramazan ayı münasibətilə "Nargis" Fondu tərəfindən mart 25-27-də Xankəndi şəhərində iftar çadırı qurulub. Burada bölgə sakinləri və ziyarətçilər üçün müxtəlif təamlar təqdim olunub. SİA xəbər verir ki, üç gün ərzində hər gün qonaqlara duru xörək, aş-qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər və kətədən ibarət yüksək keyfiyyətli iftar menyusu təqdim edilib.

Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olub. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilib.

Qeyd edilir ki, martın 22-23-də iftar çadırları Fond tərəfindən həmçinin Şuşa şəhərində qurulmuşdu.

Builki "İftar çadırları" layihəsi Xankəndi şəhərində "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı", "Unibank", "Kolin İnşaat" və "Coca-Cola" şirkətlərinin sponsorluğu ilə keçirilib. Layihənin təşkilati dəstəyi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən təmin edilib.

Xatırladaq ki, "Nargis" Fondu tərəfindən "İftar çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə