“Azercell”, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan növbəti “AZERCELL CUP 2025” müsabiqəsinə qeydiyyat davam edir. SİA xəbər verir ki, informatika və proqramlaşdırma sahəsinə maraq göstərən 6-7-ci sinif şagirdləri müsabiqəyə qoşula bilərlər. Seçim mərhələsindən uğurla keçən iştirakçılar üçün bu sahədə bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı da əldə edəcəklər.
Müsabiqədə iştirak etmək istəyənlər aprelin 4-dək https://azercellcup.org saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı tamamlamış namizədlər sınaq imtahanına dəvət olunacaq. Müsabiqənin ilk turu isə aprelin 5-də onlayn formatda keçiriləcək.
Qeyd edək ki, “Azercell” 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesini dəstəkləyir. Bu müddət ərzində bölgə və paytaxt məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə