Dələduzluqda ittiham olunan azərbaycanlı keçmiş vəkilin işi üzrə istintaq başa çatıb

Rusiyada dələduzluq və dələduzluğa cəhddə ittiham olunan azərbaycanlı keçmiş vəkil Elman Paşayevin işi üzrə istintaq başa çatıb. SİA yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

"Rusiyanın hərbi istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaqı başa çatdırıb. O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayətlərin (xüsusilə böyük məbləğdə dələduzluq və dələduzluğa cəhd) törədilməsində ittiham olunur", - məlumatda bildirilib.

İstintaqla müəyyən edilib ki, 2024-cü ilin yanvarında E.Paşayev etimad münasibətlərindən istifadə edərək tanışı Aleksey Blinovskini böyük məbləğdə pul mükafatı müqabilində həyat yoldaşı Yelena Blinovskaya ilə birgə cinayət məsuliyyətindən azad edəcəyinə inandırıb.

E.Paşayev əldə olunan razılaşmadan sonra A.Blinovskidən 47 milyon rubldan (cari məzənnə ilə 944 min manat) çox pul alıb.

Bundan əlavə, keçmiş vəkil 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrınadək oxşar üsulla vətəndaş Aleksey Zaxarovdan da 15 milyon rubldan (300 min manatdan artıq) çox pul almağa cəhd edib. Ancaq hüquq-mühafizə orqanları onun bu addımının qarşısını alıb.

Məhkəmə E.Paşayevin barəsində həbs qətimkan tədbiri seçib, əmlakı üzrinə həbs qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə