DİN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin olunması məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.

Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.

Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları profilaktik-maarifləndirmə tədbirlərini genişləndirəcək.

“Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq”, - deyə DİN-dən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə