Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşəbbüsü ilə vəkilliyə namizədlər üçün vəkil qurumlarının rəhbərləri və nümayəndələri tərəfindən büroların təqdimatı olub. SİA xəbər verir ki, məqsəd Ədliyyə Akademiyasında icbari təlim keçmiş namizədlərin ilk dəfə büro seçimini könüllü həyata keçirməsidir.
Bildirmək istərdik ki, təqdimatdan əvvəl yeni vəkillərin fəaliyyəti üçün yerləşdiyi binaların əlverişli şəraiti, habelə büro müdirlərinin müraciətləri nəzərə alınıb.
Təqdimat zamanı vəkil qurumlarının rəhbərləri və nümayəndələri namizədlərə öz bürolarının fəaliyyəti, keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi barədə məlumatlar veriblər. Onlar həmçinin hüquqi yardımın təşkilində və peşəkar etik davranış prinsiplərinə riayət olunmasında vəkilliyin vacib rolunu vurğulayıblar.
Vəkilliyə namizədlər tərəfindən büroların fəaliyyət istiqamətləri, iş mühiti və peşəkar inkişaf imkanları ilə bağlı ünvanlanan suallar cavablandırılıb, qurum rəhbərləri və nümayəndələri namizədlərin gələcək fəaliyyətlərinə dəstək verməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, hazırda yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 129 vəkilliyə namizədin Ədliyyə Akademiyasında keçirilmiş icbari təlim proqramı başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə