İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi və həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruz şənliyində şəhid ailələri, rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər. SİA xəbər verir ki, əvvəlcə bayram tonqalı qalanıb. Qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar sərgilənib. Corab toxuyan, yun darayan, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha canlandırıblar. Yeniyetmə və gənc idmançılar tərəfindən müxtəlif idman nömrələri nümayiş etdirilib.
Sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına olan təbrikini şənlik iştirakçılarının diqqətinə çatdırıb.
Şənlik mədəniyyət işçilərinin ifaları ilə davam edib. Novruzun əsas personajları olan Kosa və Keçəlin maraqlı çıxışları sakinlərdə xoş ovqat yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə