Bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. SİA xəbər verir ki, müraciətdə son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlindiyi qeyd olunur. Bildirilir ki, yalnız FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.
Müraciətdə bildirilir: “Həmin yanğınlarla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların əsasən bəzi vətəndaşların odla ehtiyatsız davranması nəticəsində yarandığı müəyyən edilib.
Qeyd olunanları, habelə havanın temperaturunun yüksəlməsinin yanğınların genişlənmə riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən odla ehtiyatlı davranmağa və yanğın baş verməsinə səbəb ola biləcək hallara yol verməməyə çağırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə