2024-cü ildə aparılan qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində istehlaka yararsız 32,4 min ton və 80,4 min sayda məhsul məhv edilib, 51 ton məhsul isə utilizasiya olunub. SİA Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ölkədə qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsi üçün genişmiqyaslı qida zəncirinə nəzarət tədbirləri həyata keçirilib.
Bildirilib ki, hesabat dövründə qida obyektlərində 5,2 min yoxlama aparılıb, 4,3 min məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərarlar qəbul edilib. Aparılan qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində istehlaka yararsız 32,4 min ton və 80,4 min sayda məhsul məhv olunub, 51 ton məhsul isə utilizasiya edilib.
Bundan başqa "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınmaqla 60 bazarda 107 yoxlama aparılıb və 30 bazarda müvafiq sağlamlaşdırma işləri həyata keçirilib.
Eyni zamanda, idxal- ixrac əməliyyatları prosesində qəbul edilən qərarlar əsasında ümumilikdə 2,7 min ton məhsul zərərsizləşdirilmiş, 1,8 min ton və 104,8 min sayda məhsul məhv olunub, 298 ton məhsul utilizasiya edilib.
Habelə 256 ton və 23 min sayda məhsul geri qaytarılıb.
Hesabata əsasən, idxal olunan bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması ilə bağlı hesabat ilində ixracatçı ölkələrə 175 bildiriş ünvanlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə