"Biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır"

“Azərbaycanın qadın sahibkarlığı ilə bağlı təcrübəsi özünəxas və unikaldır. Azərbaycan qısa müddət ərzində müstəqilliyini bərpa edib, yəni 30 ildən artıq müstəqillik dönəmi var”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Türkiyə tərəfindən təşkil olunmuş “Rəqəmsal trendlər: qadın sahibkarlığının gələcək iqtisadiyyatı formalaşdırılmasında rolu” adlı yan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Sovet İttifaqından çıxmış bir ölkə kimi Azərbaycan hələ də bəzi istiqamətlərdə onun standartlarının qalıqları ilə mübarizə aparmalı olur. O Azərbaycanın uzun illər həm də münaqişə və işğalla üzləşdiyini əlavə edib.

“Bu ərazilər həm bizim istifadəmizdən çıxmışdı, həm də orada yaşayan əhali doğma yerlərindən kənarda məskunlaşmışdı. Bu prosesdə onların yeni həyata qatılması və uğur qazanması çətin idi. Azərbaycan hökuməti də daha çox bu şəxslərin dövlətin imkanları hesabına yaşayışını təmin etdi. Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı və ən əsası biz ərazilərimizi minalardan təmizləyirik, o torpaqları dövriyyəyə qaytarırıq”,-deyə komitə sədri əlavə edib.

Bahar Muradova qeyd edib ki, oraya qayıdan insanların, xüsusilə qadınların yeni yaradılmış standartlar səviyyəsində yaşayış vərdişlərini və bacarıqlarını əldə etmələri üçün təlimlər keçirilir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu ərazidə də daha çox ailə bizneslərinin, xüsusilə qadınların rəhbərlik etdiyi bizneslərin yaradılmasına üstünlük verir.

“Ölkəmizdə məşğul əhalinin 48 faizini, sahibkarların isə 23 faizini qadınlar təşkil edir. Biz komitə olaraq bütün digər qurumlarla, qadınların biznes bacarıqlarının artırılması və kiçik və orta biznes subyektləri yaratması üçün layihələr reallaşdırmışıq. Regionlarımızdakı mərkəzlər vasitəsilə qadınlarımız həm bacarıqlar əldə edir, biznes layihələr hazırlayır, maliyyə mənbələrini əldə etməsi üçün dəstək alır, həm də onları təqdim etmək, bazarlara çıxarmaq, satış imkanları əldə etmək üçün dövlətin və müvafiq qurumların dəstəyini alır”,- deyə Komitə sədri əlavə edib.

Bahar Muradova vurğulayıb ki, getdikcə həm torpaq sahibkarlarının, həm də biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır. O bildirib ki, dövlət məsələnin bu istiqamətinə ciddi diqqət yetirir və bu sahədə atılmış addımlar qısa müddətdə onların sayını dəfələrlə artırmağa imkan verəcək.

Komitə sədri bu mövzunun bütün beynəlxalq platformalarda müzakirəsinin və bununla bağlı əməkdaşlığın artırılmasının vacib olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə