Naxçıvanda şəhid əmanətlərinin “Qış düşərgəsi” təşkil edilib

Martın 5-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi və “Naxçıvan şəhid ailələri” İctimai birliyinin təşkilatçılığı ilə şəhid ailə üzvlərinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük “Qış düşərgəsi” təşkil olunub.

SİA-nın məlumatına görə, şuranın mətbuat xidmətindən bildirilib ki, çay süfrəsi arxasında baş tutan görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhidlərin əziz xatirəsini yad edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının adını uca tutmaq, onların doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz və ən vacib vəzifələrimizdən biri olduğunu bildirib.

Şura sədri dövlətimizin hər zaman şəhid ailələri və qazilərin yanında olduğunu, bu kimi layihələri reallaşdırmaqdan qürur hissi keçirdiyini vurğulayıb.

Görüşdə “Naxçıvan şəhid ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov şəhidlərin ailə üzvlərinə başsağlığı verib, qəhrəman oğullarla hər bir azərbaycanlının fəxr etdiyini diqqətə çatdırıb.

Tədbir düşərgə iştirakçıları ilə səmimi söhbətlə davam edib.

Qeyd edək ki, martın 5-6-da 41 nəfər şəhid ailəsi üzvünün Ağbulaq İstirahət və Xizək Mərkəzində ikigünlük istirahətləri təşkil olunub. Proqram çərçivəsində uşaqlar üçün xizək təlimi təşkil edilib, kanat xətlərindən istifadə imkanı yaradılıb, onlar kirşə sürüb və digər əyləncəli proqramlarla vaxtlarını səmərəli keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə