Naxçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikanın Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının təmin edilməsi məqsədilə müasir tibb infrastrukturunun yaradılması üçün ardıcıl tədbirlər görülür.

SİA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu tədbirlər nəticəsində, xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın daha da yaxşılaşdırılması məqsədilə yaradılan Hemodializ Mərkəzi yaxın zamanlarda fəaliyyətə başlayacaq.

Pasiyentlərə daha rahat və keyfiyyətli xidmətin göstərilməsi, müasir avadanlıqların alınması məqsədilə müvafiq satınalmalar həyata keçirilib. Belə ki, hemodializ xidmətinin göstərilməsi üçün qurğuya inteqrasiya olunmuş Wi-Fi və qulaqcıq girişli HD keyfiyyətli televizorları olan 3 idarəetmə mühərrikli hemodializ kresloları, eləcə də ən son texnologiyaya uyğun istehsal olunmuş 33 ədəd hemodializ cihazı alınıb. Avadanlıqlardan artıq 7 ədədi təhvil verilib, digərlərinin isə təmir işləri yekunlaşdıqdan sonra təhvil verilməsi nəzərdə tutulub. Həmçinin Hemodializ Mərkəzində osmos cihazları quraşdırılıb. Bu cihaz nəticəsində hemodializ prosesində toksinlərin və artıq maddələrin effektiv şəkildə təmizlənməsi təmin ediləcək və müalicə proseslərinin daha rahat şəkildə həyata keçirilməsinə şərait yaradılacaq.

Yeni yaradılan Hemodializ Mərkəzində uşaqların dializ prosesini daha rahat keçirmələri üçün xüsusi bir pediatrik dializ bölməsi də yaradılıb. Burada uşaqlara ixtisaslaşmış tibbi yardım göstəriləcək.

Mərkəzdə aparılan təmir və bərpa işləri artıq yekunlaşmaq üzrədir. Mərkəzin aprel ayının sonlarına doğru istifadəyə verilməsi planlaşdırılır. Bu yenilik, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində atılan mühüm bir addım olmaqla yanaşı, əhalinin sağlamlığının daha etibarlı təminatına xidmət edəcək və yüksəkkeyfiyyətli tibbi xidmətlərin göstərilməsində müsbət nəticələrə yol açacaq.

Alınan avadanlıqlardan Şərur Rayon Mərkəzi Xəstəxanasına 4 ədəd, Sədərək Rayon Mərkəzi Xəstəxanasına isə 2 ədəd hemodializ cihazı veriləcək. Sədərək Rayon Mərkəzi Xəstəxanasında əvvəllər hemodializ cihazı olmadığı üçün xəstələr müalicə üçün Şərur Rayon Mərkəzi Xəstəxanasına müraciət etmək məcburiyyətində qalırdılar. Yeni təchizatla, digər rayonlarda da xəstəxanalarda hemodializ cihazlarının sayı artırılacaq və yeni bölmələr yaradılacaqdır. Bu, bölgə sakinlərinə daha əlverişli və keyfiyyətli hemodializ xidmətləri göstərilməsini təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə