Bakıda “Bir millət, iki dövlət ortaq gələcək görüşü” adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Bir millət, iki dövlət ortaq gələcək görüşü" adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Türkiyədən hüquq, media, sağlamlıq üzrə ekspertlər, tekstil, qida sahələrində fəaliyyət göstərən iş adamları, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil edilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Tədbirin məqsədi Azərbaycanın tarixi və milli dəyərlərini xatırladaraq cəmiyyətin ortaq dəyərlər ətrafında birləşməsi və birgə fəaliyyəti gücləndirmək, iş dünyasında yeni əlaqələrin yaradılmasına stimul vermək olub.

Məlumat verilib ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri günü-gündən inkişaf edir. Tədbirdə Türkiyənin Azərbaycana İkinci Qarabağ müharibəsində dəstəyindən söhbət açılıb, iki dövlət arasında var olan qardaşlıq bağlarının əhəmiyyəti vurğulanıb.

Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova qeyd edib ki, Türkiyə və Azərbaycanın qardaşlıq münasibəti 44 günlük müharibədə sübut olunub. O, bir-birini hər zaman dəstəkləyən Türkiyə və Azərbaycan qadınlarının gücünün birlikdə olduğunu diqqətə çatdırıb.

Azərbaycan Qan Donoru İnkişaf Mərkəzinin direktoru Fuad Rəsul irsi qan xəstəliyindən əziyyət çəkən ailələrə dövlət dəstəyindən danışıb.

Daha sonra çıxış edənlər sosial məsuliyyət layihələrinin mediada işıqlandırılmasının vacibliyini bildiriblər. Çıxışlarda qadınların birliyinin önəmi vurğulanıb. Qeyd edilib ki, çətinliklərə sinə gərən qadınlarla bağlı sosial məsuliyyət layihələrinin həyata keçirilməsi önəmlidir.

Diqqətə çatdırılıb ki, bu tədbir həm keçmişə hörmət, həm də ticarət əlaqələrinin möhkəmləndirilməsinə töhfə verə bilər. Sosial həmrəylik, qadın və uşaq hüquqları mövzusunda təşkil olunan tədbir Azərbaycan və Türkiyə arasında sosial əlaqələri gücləndirməyi hədəfləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə