“KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb

Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, KOBİA-nın dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir.

Bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb. Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcək. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.

Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə