Mübarək Ramazan ayının əsl mahiyyəti nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ

“Bəzən insan müəyyən mənfi keyfiyyətləri, müəyyən mənfi əməlləri təkrar etdikcə onun vərdişinə çevrilir. Həmin bu vərdişlər çox təkrarlanan zaman artıq insanın xasiyyətinə keçir. Xasiyyəti dəyişmək isə qeyri-mümkündür. Mübarək Ramazan ayı yeganə çıxış yoludur ki, insan xasiyyətini dəyişə bilər”. Bu sözləri ilahiyyatçı Fazil Əhməd SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, buyurulub ki, sübh azanından məğrib azanına kimi ac qalmaq lazımdır və bu əlbəttə çətin və əziyyətli bir prosesdir: “Ramazan ayında əsas şərt ondan ibarətdir ki, insan gərək gözlərini, qulaqlarını, dilini haramdan qorusun. İnsan gərək qeybət etməkdən, yalan danışmaqdan uzaq olsun ki, onun aclığı ibadət kimi sayılsın. Bu çətin proses yalnız insan özünü haramdan qoruduğu zaman ibadət sayılar. Ümumilikdə Allah insana onun bacardığı işləri tapşırır. Amma insan bəzi günahları təkrar etdiyi zaman artıq xasiyyətinə çevrildiyi üçün ondan dönməyi çətin olur. Yeganə mübarək Ramazan ayıdır ki, Allah bu aclıq prosesini asanlaşdırır. Başqa aylarda bu cür asan alınmır. Bu ayda mühüm məsələlərdən biri budur ki, insan imsak vaxtı yemək yeyən zaman mümkün qədər həddindən artıq yeməsin. Eyni zamanda iftar zamanıda çalışmalıdır ki, yetəri qədər qida qəbul etsin. İnsanın normadan artıq qida qəbul etməsindən Allahın xoşu gəlmir. Allah bu ayda mömini bu cür dəyərləndirir ki, sənin nəfəsinə belə savab yazacağam.

İkinci mühüm məsələ bundan ibarətdir ki, Ramazan ayı bitəndən sonra insanda günaha meyillilik yaranır. Biz ilahiyyatçılar onu çatdırmağa çalışırıq ki, əziz oruc tutanlar, mübarək Ramazan ayı bəli, keçmiş günahların bağışlanma ayıdır, amma bu Ramazan ayının mahiyyətinin yalnız yarısını təşkil edir. Digər yarısı isə odur ki, bu ayda elə bir mənəviyyat qazanmaq lazımdır ki, növbəti Ramazan ayına qədər günah olunmasın. Ramazan ayı təkcə keçmiş günahlarım bağışlanması deyil. Bu ayda elə güc qazanmaq lazımdır ki, həmin güc sayəsində insan birdaha günah etməsin”.

Müəllif: Qumral Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə