Ramazan bayramında adambaşına nə qədər fitrə çıxarılması məqbuldur? - DİN XADİMİ AÇIQLADI
Ərəb dilində Fitr bayramı - "Eid Fitr" deyə adlanır. "Eid" qayıdış, "Fitr" sözü isə fitrət kəlməsindəndir. Yəni insanın həqiqi kimliyinə, fitrətinə qayıtması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında Neftçala şəhəri "Sahib Əzzaman" məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib.
Onun sözlərinə görə, oruc insanı bir ay ərzində saxta kimliklərdən, saxta özlərdən təmizləyir. İnsan ki, bir ay ərzində oruc tutmaqla bu saxta özlərdən təmizləndi orucluğun sonun da Allah deyir ki, bunu bayram kimi qeyd elə. Çünki həqiqi fitrətimizə qayıtmışıq. Fitr bayramının mənası və fəlsəfəsi bundan ibarətdir: "Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər. Hər bir şeyin zəkatı olduğu kimi insanın bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməklədir. Bu mənada, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz. İmam Sadiq (ə) buyurur ki, həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir. Fitrə zəkatı verən şəxs 1 illik özünü bəlalardan sığortalamış olur. Bayram gecəsi təzə ayın əvvəli olması sübuta yetdikdən sonra adam başına 3 kq buğda, arpa, un, xurma və s. ərzaqların qiyməti hesablanaraq çıxarılır. Minimum 5-10 manat civarında müəyyən edilir. İnsan bunu bazardakı qiymətlə də tənzimləyə bilər. Bir insanın maddi imkanı geniş ola bilərsə, müəyyən olunmuş məbləğdən artıq verə bilər. İslam şəriətində qeyd olunub ki Fitrə zəkatını verəndə yaxşı olar ki, qohum fəqirləri başqalarından qabağa salasan. Sonrakı mərhələdə fəqir qonşuları, sonra isə fəqir elm əhlinə verilsin. Amma əgər başqaları müəyyən cəhətə görə üstün olsalar, yaxşı olar ki, onlar qabağa salınsın. Həmçinin diqqət olunmalıdır ki, fitrə verilən şəxs verilən fitrəni günah yolda istifadə etməsin.
Bütün xəbərlər Facebook səhifəmizdə