İdxal olunan bitki çayında bakteriya aşkarlanıb

"RAM Solutions" MMC-nin Türkiyədən idxal etdiyi (02.03.2024-02.03.2026-cı il istehsal tarixli, 1026 partiya nömrəli) “Deva Dünyası Gıda Kozmetik Ltd. Şti” müəssisəsinin istehsalı olan “Minceur Form Tea” (nar çiçəkli) əmtəə nişanlı bitki çayından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, məhsul partiyasında E.coli bakteriyası aşkarlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 67,20 kq (240 qutu) bitki çayı məhv edilib.

Qeyd edək ki, qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar və təhlükəli qida məhsulları ilə bağlı məlumatlar Agentliyin rəsmi saytında yerləşdirilir. İstehlakçılar “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri” və “Qida zəncirinə nəzarət” bölmələrində “Təhlükəli məhsulların reyestri” blokuna keçid etməklə müvafiq məlumatlar əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə