İsmayıllıda intensiv qar şəraitində yolların təmizlənməsi davam edir

İsmayıllıda ötən günün ikinci yarısında yağan qar gecə saatlarında intensivləşib və hazırda da davam edir. Qarın yağması əsas magistral və daxili yollarda hərəkəti çətinləşdirdiyindən, 9 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası səfərbər edilib.

SİA-nın məlumatına görə, idarənin baş mühəndisi Fazıl Qasımov bildirib ki, əməkdaşlar gecə saatlarından etibarən növbəli şəkildə və fasiləsiz olaraq avtomobil yollarında təmizləmə işlərini davam etdirir. Xüsusilə İsmayıllı-Muğanlı, Qarəməryəm-İsmayıllı və İsmayıllı-Lahıc yollarında qar və buzun təmizlənməsi istiqamətində işlər görülür. Hazırda yolun hərəkət hissəsində qar yoxdur, lakin çiyin hissələrdə qarın hündürlüyü bəzi yerlərdə 70-80 sm-ə çatır.

Hazırda İsmayıllıda havanın temperaturu mənfi 5-6 dərəcədir, duman müşahidə edilir. Bu səbəbdən sürücülərə yolda diqqətli və ehtiyatlı olmaları tövsiyə edilir. Alternativ olaraq, Bakı-Qazax avtomobil yolundan istifadə etmək daha məqsədəuyğun hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə