Yasamalda “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı olub - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirib ki, Prezident İlham Əliyev tərəfindən yaradılan Azərbaycan dövlətinin iqtisadi-siyasi modeli özünü tam doğruldub. Kitab 44 günlük Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib.

Akademik Zərifə Əliyeva adına liseyin müəllimi, “Zəfər tarixi” dərsliyinin müəllifi Pərviz Ağalarov kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulayıb.

YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, strateji baxışı, xalqla sıx münasibətləri və Qarabağ müharibəsindəki yüksək rəhbərlik bacarığı bu kitabın yaranmasında böyük bir ilham mənbəyi olub.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov vurğulayıb ki, kitabda Prezident İlham Əliyevin diplomatik və informasiya cəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyəti ətraflı işıqlandırılır, dövlət başçısının Azərbaycan xalqının birliyinin təmin edilməsində rolundan, onun Vətən müharibəsi illərində milləti bir yumruq kimi birləşdirən xalqa müntəzəm müraciətlərindən bəhs edilir.

Tədbir kollecin tələbələrinin ifasında bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə