İctimai Şuranın üzvləri məscidlərdə vakant vəzifələr üçün keçirilən müsahibəni izləyiblər - FOTO
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün təşkil edilən müsahibədə müşahidəçi qismində iştirak ediblər. SİA xəbər verir ki, şuranın sədri Elnur Mustafayev, katibi Səadət Məmmədova, üzvləri Cəbi Bəhramov, İlham Məmmədzadə, Rizvan Hüseynov və Tural Əhmədov Müsahibə Komissiyasının üzvləri tərəfindən namizədlərə verilən sualların “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması və attestasiyası üzrə proqram”a uyğunluğunu müşahidə etməklə yanaşı, namizədlərin hazırlıq səviyyəsi ilə də tanış olmaq imkanı əldə ediblər.
Müşahidənin sonunda fikirlərini bölüşən İctimai Şura üzvləri Azərbaycan İlahiyyat İnstitutunda namizədlər üçün yaradılmış şəraiti, prosesin video çəkilişinin aparılmasını yüksək qiymətləndiriblər. Müsahibənin şəffaf təşkildə və reqlamentə uyğun təşkil olunduğu vurğulayaraq, nəticələrin müsahibə keçirildiyi gün Komitənin rəsmi internet saytında elan edilməsini müsbət hal kimi dəyərləndiriblər.
Bununla yanaşı müsahibə prosesində namizədlərin dini biliklərinin yoxlanılması ilə yanaşı, Azərbaycan Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktları, eləcə də ümumi dünyagörüşünü yoxlamaq məqsədilə sualların verilməsinin məscidlərdə savadlı din xadimlərinin fəaliyyət göstərməsi baxımından mühüm əhəmiyyət daşıdığını da bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə